Əgər KİV-lər Kremlin sözçüsünün sözlərini tam şəkildə çatdırıblarsa, Peskovun bu dəfə Rusiyanın əvvəllər tez-tez səsləndirdiyi əsas narrativi, yəni sülh sazişinin 2020-2022-ci illərdə Putin vasitəçiliyi ilə əldə olunmuş “baza razılaşmalarına əsaslanmalı olduğu” fikrini təkrarlamadığı diqqət çəkir.
Bundan cəmi bir həftə əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü idarə rəisinin müavini Masyuk Ermənistan-Azərbaycan sazişini “vaxtsız” adlandırmış, onun imzalanmasına dair “Qərb tərəfindən edilən çağırışları” Rusiyanı regiondakı proseslərdən sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirmiş və münasibətlərin tənzimlənməsi üçün “qəbul olunan platformanın Moskva olduğunu” bəyan etmişdi.
Peskovun son açıqlamasından Moskvadan bu mövqedən tamamilə imtina edildiyi nəticəsini çıxarmaq mümkün olmasa da, görünən odur ki, Moskva üçün bu mərhələdə əsas məsələ Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidə keçirilən görüşünün heç olmasa vasitəçilik olmadan keçirilməsidir.
Qeyd olunmalıdır ki, Əbu-Dabidə keçirilən İlham Əliyev-Paşinyan danışıqları ilə eyni zamanda Malaziyanın Kuala-Lumpur şəhərində ABŞ dövlət katibi Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü başlayıb. Bu görüş, ASEAN çərçivəsində təşkil olunub və gündəliyi hələlik açıqlanmayıb.
Bu arada, ABŞ və Rusiya xarici siyasət rəhbərlərinin görüşü, ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə qarşı son günlərdə səsləndirdiyi sərt ifadələr fonunda baş tutur. Lakin bu haldan daha əhəmiyyətlisi, ABŞ dövlət katibi Rubionun iki gün əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişinin yaxın gələcəkdə imzalanmasını “çox ehtimal olunan” adlandırmasıdır.
Bəs, Peskovun son açıqlamasından Moskvada da bu mövzuda Vaşinqtonla “mübahisə qalmadığı” nəticəsini çıxarmaq olarmı? Bu sual hələ də açıq qalır.
Asif Cəfərov
Ordu.az